Mayın 19 və 20-də, ötən ilin dekabrından start götürən Bakı Data Jurnalistikası Kursunun yekun təlimləri keçirilib. 26 jurnalistin iştirakı ilə keçirilən sonuncu təlimdə Virciniya Birlik Universitetinin professoru Cef Saus praktiki məşğələ keçirib. Məşğələdən sonra, iştirakçılar kurs ərzində öyrəndiklərini yekun layihələrində nümayiş ediblər. Komandalara bölünən jurnalistlər, yol təhlükəsizliyi, Azərbaycanda ixrac və idxal, inklüziv təhsil kimi 7 mövzunu əhatə edən məqalələr üzərində işləyiblər. Mövzuların fərqli olmasına baxmayaraq, onların hamısı etibarlı məlumatın tapılması, onların təhlilini, aydın və peşəkar şəkildə çatdırılmasını özündə əks etdirib.
Bakı Data jurnalistikası kursu çərçivəsində, jurnalistlərə dəqiq məlumatları tapmaq, təhlil etmək və çatdırmaq üzrə təlimlər keçirildi. Layihənin məqsədi, məlumatları ictimaiyyətə çatdırmaq, anlamaq və ünsiyyət qabiliyyətinə daxil olan məlumat bazasına əsaslanan jurnalistikanı təşviq etmək idi. Yerli və beynəlxalq təlimçilər xəbərdəki məlumatların rolu, data jurnalistlərinin lazımlı bacarıqları, müvafiq məlumatları tapmaq və nəzərdən keçirmək yolları, vacib hekayələri müəyyənləşdirmək üçün məlumatların analizinə dair yanaşmalar və məlumatların aydın şəkildə vizualizasiyası kimi mövzuları əhatə edən sessiyalar keçirdilər. İştirakçılar müxtəlif media növlərində təmsil olunsalar da, bu, kursun gedişatında fikir mübadiləsi üçün yaxşı platformanın yaranmasına səbəb oldu.
Qeyd edək ki, Data Jurnalistikası Kursu ABŞ-ın Azərbaycandakı Səfirliyinin başlıca dəstəyi, Beynəlxalq Miqrasiya Siyasəti İnkişafı Mərkəzinin Azərbaycanda həyata keçirdiyi və Avropa İttifaqının maliyyələşdirdiyi MOBILAZE layihəsinin köməyi, Avrasiya Əməkdaşlıq Fondu və Baku Idea Lab-la sıx əməkdaşlıq nəticəsində ərsəyə gəlib.

