QAFQAZ TƏDQİQAT RESURS MƏRKƏZİNİN YENİ LAYİHƏSİNİN NƏTİCƏLƏRİ TƏQDİM OLUNMUŞDUR
[25 Oktyabr, 2005, 17:52:23]

AzərTAc xəbər verir ki, oktyabrın 25-də “Avropa” mehmanxanasında Avrasiya Fondunun Qafqaz Tədqiqat Resurs Mərkəzinin (Azərbaycan) 2005-ci il məlumat toplanması təşəbbüsü sorğusunun nəticələrinin təqdimatı olmuşdur. Demoqrafiya, təhsil, miqrasiya, iqtisadi davranış, səhiyyə, siyasi fəaliyyət, sosial təsisatlar və cinayət kimi müxtəlif sahələri əhatə edən sorğu 2004-2005-ci illərdə Cənubi Qafqazın üç ölkəsində aparılmışdır.

Təqdimat mərasimini Avrasiya Fondunun Azərbaycan üzrə direktoru Camal Şahverdiyev açaraq, Fondun və onun Qafqaz Tədqiqat Resurs Mərkəzinin fəaliyyətindən danışmışdır. Sonra mərkəzin direktoru Lətif Kəngərlinski sorğunun ilkin nəticələrini açıqlamışdır. Qeyd olunmuşdur ki, iki il ərzində Bakıda və ölkəmizin rayonlarında keçirilmiş sorğuda, əsasən, 18-30 yaşlarında respondentlər iştirak etmişlər. Demoqrafiya bölməsində verilən sualların nəticələrinə görə, ötən il rəyi soruşulanların 21,3 faizi, bu il isə 22,6 faizi dövlət müəssisələrində çalışır, iş axtaran işsizlərin sayı, müvafiq olaraq, 21,1 faiz və 13,4 faizdir. İşsizlərin sayı (qadınlar 15,80 faiz, kişilər 29,30 faiz), ümumilikdə, Cənubi Qafqaz regionu ilə müqayisədə (qadınlar 19,80 faiz, kişilər 37,80 faiz) aşağıdır. Sorğu iştirakçılarının 97 faizi orta, natamam ali və ya ali təhsilli vətəndaşlardır. “Təhsilinizi başa çatdırdıqdan sonra ölkənizdə iş tapacaqsınızmı?” sualına ötən il respondentlərin 65 faizi müsbət cavab vermişdisə, bu il həmin göstərici 70 faizdən çoxdur. 2004-cü ildə sorğuda iştirak edənlərin 51,4 faizi, 2005-ci ildə isə 53,6 faizi ölkəmizin düzgün istiqamətdə inkişaf etdiyini bildirmişdir. Cənubi Qafqaz üzrə bu göstərici 2005-ci ilin nəticələrinə görə 50,2 faizdir. "Təklif olunan məqsədlərdən hansı üçünü ölkəmiz üçün daha vacib sayırsınız" sualını cavablandıran respondentlər Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işsizliyin və yoxsulluğun azaldılması, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması məsələlərini önə çəkmişlər. Sosial təsisatlar bölməsində rəyi soruşulanlar Prezidentin İcra Aparatının, ordunun və KİV-lərin fəaliyyətini daha səmərəli hesab etmişlər. Sorğunun nəticələri göstərmişdir ki, respondentlər beynəlxalq təşkilatlar arasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Dünya Bankının və BMT təşkilatlarının ölkəmizdəki fəaliyyəti barədə nisbətən çox məlumata malikdirlər.

Bir il ərzində ailədə adambaşına orta aylıq gəlir də artmışdır. Ötən il bu göstərici Bakıda 46 dollar, bu il isə paytaxtda 49,50 dollar, rayonlarda 39,20 dollar təşkil etmişdir. Qafqaz regionunda bu rəqəm 39,00 dollardır. Respondentlər ailə büdcəsinin, əsasən, iş yerindən aldıqları əmək haqqı, müvəqqəti işlər və pensiyalar hesabına yarandığını bildirmişlər.